Xəbərlər

Ölkəmizdə turizm sektorunun inkişafında sağlamlıq-müalicə turizminin rolu müzakirə edilib. AZƏRTAC.

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 9-da Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHİSTA) birgə təşkilatçılığı ilə “Azərbaycan turizm sektorunun inkişafında sağlamlıq-müalicə turizminin rolu və turizm məhsulu kimi turizm şirkətləri şəbəkəsində satış təcrübələri” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən sanatoriya-kurort müəssisələrinin və turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə baş tutan tədbirdə AHİSTA-nın prezidenti Ruslan Quliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanı dünyada turizm üçün səciyyəvi edən ən başlıca xüsusiyyət burada bu sahənin bütün istiqamətlərinin inkişafı üçün lazım olan təbii şəraitin mövcud olmasıdır. Bu baxımdan ölkəmizdə mövcud olan unikal imkanlardan biri də sağlamlıq turizmi ilə bağlıdır. Ölkəmiz artıq bu baxımdan da dünyada yeni bir turizm istiqaməti kimi populyarlıq qazanıb: “Bu sahəyə ölkə rəhbərliyinin diqqət və qayğısı hər zaman əhatə olunub. Təsadüfi deyil ki, 2016-cı il sentyabrın 1-də ölkə prezidenti tərəfindən “Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalandı, daha sonra “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq olundu. Bütün bunları ölkə turizminin inkişafında yeni mərhələnin başlanması kimi də qiymətləndirmək olar”.

Ruslan Quliyev qeyd edib ki, Azərbaycan alternativ turizm növlərinin inkişafı üçün çox əlverişlidir. Amma imkanların olması hazır məhsul demək deyil. Ona görə də ölkəmizdə mövcud olan sağlamlıq turizmi potensialını turizm məhsuluna çevirib dünyada təqdim etmək üçün hazırda həm özəl sektorun təmsilçiləri, həm də müvafiq dövlət qurumları tərəfindən lazımi işlər görülür. Ölkəmizdə sağlamlıq turizminin inkişaf tarixi 2001-ci ildən başlayır və bu illər ərzində bu istiqamətdə az uğur əldə etməmişik: “Ötən il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Qalaaltı” müalicəvi istirahət kompleksinin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına üzv seçilməsi buna sübutdur. Bundan əlavə, AHİSTA AZTA ilə birgə əməkdaşlıqla bağlı uzunmüddətli memorandum imzalayıb. Bu əməkdaşlıq, eyni zamanda, yarandığı gündən rəhbərlik etdiyim assosiasiyanın müxtəlif beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın sağlamlıq turizmi imkanlarının tanıdılmasına və bu sahədə uğurların əldə olunmasına rəvac verir. Təkcə bir faktı qeyd edim ki, ötən il Naftalana dünyanın 75-dək ölkəsindən 35 mindən çox turist gəlib. Hesab edirəm ki, yaxın gələcəkdə daha böyük nəticələr əldə edəcəyik. Təbii ki, bu sahədə bəzi problemlər də mövcuddur. Birgə fəaliyyətlə inanıram ki, bütün çatışmazlıqları aradan qaldıraraq böyük uğurlara sahib olacağıq”.

Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırov bildirib ki, Azərbaycanın sağlamlıq turizmi imkanlarını tanıtmaqla, ölkəyə çox güclü turist axınına nail olmaq olar. Çünki bu sahədə potensial genişdir, turizm sektoru təmsilçilərinin üzərinə düşən, sadəcə, bu imkanları tanıtmaqdır.

Assosiasiya sədri söyləyib ki, bütün fəaliyyətlərini ilin hər mövsümündə populyar olan bu sahənin inkişafı istiqamətində qurublar.

Milli Məclisin deputatı İlham Məmmədov diqqətə çatdırıb ki, turizmə sırf biznes məqsədilə yanaşmaq doğru deyil. Burada müxtəlif nüanslar da var ki, onları da nəzərə almaq lazımdır. Ölkəmizin tanıtımı, təbliği də bu sıradadır. Sağlamlıq turizmi Azərbaycanın brendidir və bu brendi dünyaya təqdim etməyi bacarmalıyıq. Dünyada analoqu olmayan Naftalan nefti, böyrək daşlarının düşürülməsində möcüzəvi effektə malik Qalaaltı suyu və digər bu kimi müalicə vasitələrimizi düzgün təbliğ etməklə ölkəmizə çoxsaylı turistlərin cəlbinə nail ola bilərik.

Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Emil Səfərov təmsil etdiyi qurumun sağlamlıq turizminin inkişafı istiqamətində mühüm işlər gördüyünü deyib. Onun sözlərinə görə, ölkə başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də turizmin bu istiqamətinə xüsusi diqqət öz əksini tapıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov ölkəmizdə Turizm Şurasının yaradılmasını turizm və biznes infrastrukturunun inkişafına xidmət etdiyini bildirib.

Vurğulanıb ki, hər turizm obyekti özlüyündə bir sahibkarlıq subyektidir. Hazırda Azərbaycanda kənd turizminin inkişafı istiqamətində mühüm işlər görülür. Ümumi götürdükdə isə turizm sahəsində əldə olunan uğurlar davam edir.

Konfrans çıxışlar və müzakirələrlə davam etdirilib.

Sonda qərara alınıb ki, assosiativ əməkdaşlıq davam etdirilsin, sahənin inkişafında və sağlamlıq turizmi məhsulunun tanıdılmasında birgə fəaliyyət həyata keçirilsin.

www.azertag.az