Ruslan Quliyev Azərbaycanda Sağlamlıq Turizminə hansı qiyməti verdi?
Son illər Azərbaycanda turizmin inkişafı göz önündədir. Heç şübhəsiz turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Bugün Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Əminliklə söyləmək olar ki, Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur. Bu yöndə Sağlamlıq turizmini xüsusi qeyd etmək yerinə düşər. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev CNNBaku-ya açıqlamasında ölkəmizdə turizmin inkişafından danışdı.
R. Quliyev bildirdi ki, Azərbaycanda turizmin bütün istiqamətlərinin inkişafı üçün təbii şərait var.
“Xüsusən sağlamlıq turizmin qeyd etmək yerinə düşər.Götürək Sağlamlıq turizminin beşiyinə çevrilən Naftalanı. Təkcə ötən il Naftalana dünyanın 70-dək ölkəsindən 35 mindən çox turist gəlib. Bu olduqca gözəl rəqəmdir. Sevindirici məqam ondan ibarətdir ki, Naftalana bir dəfə gələn turist, növbəti dəfə də sevinclə gəlir. Eləcə də “Qalaaltı” müalicəvi istirahət kompleksini qeyd etməyə bilmərik. Bir məqamı da vurğulayım ki, Ötən il Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Qalaaltı” müalicəvi istirahət kompleksinin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına üzv seçilməsi bizi olduqca sevindirdi. Sağlamlıq Turizminin daha bir beşiyi olan Naxçıvanda Duz dağın qeyd etmək istərdim. Buraya da gələn turistlərin sayı ildən ilə artır”.
Ruslan Quliyev qeyd edib ki, bugün Azərbaycan dünyada təkcə neft ölkəsi kimi yox, eyni zamanda tolerant, sabit, gəzməli, görməli ölkə kimi tanınır.
“Azərbaycanda keçirilən böyük beynəlxalq tədbirlər, o cümlədən “Eurovision”, Avropa Oyunları, “Formula-1″, İslam Oyunları ölkəni coğrafi məkan kimi dünyaya tanıtdı. Ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır. Bu məqamda Viza sadələşdirilməsi addımı vacib idi ki, dövlət başçımızın tapşırığı ilə Asan Vizanın tətbiqi, turizmin inkişafına böyük yollar açacaq”
Millenium turizm agentliyinin rəhbəri sonda Azərbaycanda Sağlamlıq turizminin 5 ballıq şkala üzrə qiymətləndirilməsi ilə bağlı sualımızı da cavablandırıb. O, bugünki gündə turizmə 4 – qiymətini verib.
www.cnnbaku.az